“İyulun 11-i və 12-ə keçən gecə və səhər saatlarında ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində əksər rayonlarda hava şəraiti yağışlı keçib, şimşək çaxıb. Respublikanın dağlıq və dağətəyi rayonlarda yağıntılar leysan xarakterli, intensiv olub. Nəticədə bəzi ərazilərdə sel qeydə alınıb”.
Unikal.org xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“Bu, gözlənilən hadisə idi. Çünki ayın 8-də və 10-da gözlənilən intensiv yağışlar və sel hadisəsi haqqında xəbərdarlıqlar edilmişdi. Onu da nəzərinizə çatdırım ki, sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Hacıkənddə müşahidə edilən sel görüntüləri həqiqətə uyğun deyil. Bu, 2019-cu il Dağıstanda olan hadisənin çəkilişləridir”, - deyə xidmət rəisi vurğulayıb.
Onun sözlərinə görə, respublikanın rayonlarında qeydə alınan sel ötən il Şimali Qafqazda olan seldən xeyli zəif olub: “Ümumiyyətlə, qeyd etmək istərdim ki, belə proseslər Böyük Qafqaz sıra dağlarından aşarkən intensivliyini bir qədər itirir və xoşbəxtlikdən Azərbaycanda belə hadisələr Şimali Qafqaz ölkələri, Rusiyanın cənubunda olan təbii hadisələrlə müqayisədə zəif keçir”.