Bakıda soyğunçuluq hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə iyulun 12-si saat 18 radələrində Binəqədi rayonu, Mircəlal küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 150 manat pul, şəxsiyyət vəsiqəsi, bank və sağlamlıq kartı olan pul kisəsini soyğunçuluq yolu ilə talayıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1984-cü il təvəllüdlü Ramiz Mehrəliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.