İyul ayı ərzində Beyləqan rayon ərazisindəki kənd və qəsəbədən mal-heyvan oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, iyul ayında bir qrup rayon sakini müvafiq polis şöbəsinə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumat veriblər.
Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmişə məxsus tövlədən ümumi dəyəri 1800 manat olan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakini Pərviz Cəfərov saxlanılıb.
Bundan başqa keçirilmiş digər tədbirlərlə Beyləqan rayon ərazisindəki otlaq sahələrinin birindən qoyun oğurlayan Biləsuvar rayon sakini Cəmaləddin Xammədov saxlanılıb. Araşdırmalarla onun 6 baş qoyun oğurlamaqla zərərçəkmişə 1200 manat dəyərində ziyan vurduğu müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.
Faktlarla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.