İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyas karyerasını bitirdi.
Unikal.org xəbər verir ki, bu barədə 39 yaşlı oyunçu özünün “Twitter” səhifəsində məlumat verir.
“Təyinat məntəqəsi deyil, tutduğunuz yol və sizi müşayiət edən insanlar vacibdir. Çünki görülən işlər və edilən səylərdən sonra yalnız bir təyinat məntəqəsi var. Düşünürəm ki, bunun arzu yolu və məntəqəsi olduğunu tərəddüd etmədən deyə bilərəm”, - deyə futbolçu yazıb.
Kasilyas “Real” klubu və İspaniya yığmasında oyunları ilə məşhurdur. Madridlilərin tərkibində o, 17 il oynayıb, beş dəfə İspaniya Çempionatı, üç dəfə Çempionlar Liqası, iki dəfə UEFA Superkuboku, iki dəfə də İspaniya Kubokunu qazanıb. O, 2006-2014-cü illərdə Milli yığmanın kapitanı olub, 2008 və 2012-ci illərdə Avropa Çempionatını, 2010-cu ildə isə Dünya Çempionatını qazanıb. Kasilyas 2015-2019-cu illərdə “Portu”nun tərkibində çıxış edib. Onun heyətində iki dəfə Portuqaliya çempionu olub.
Kasilyas 2019-cu il mayın 1-də miokard infarktı keçirib və bir daha meydançaya çıxmayıb.