Bütün dünya ölkələri Covid-19 virusu ilə mübarizə aparır. Bu məqsədlə Azərbaycanda da martın 29-da karantin rejimi elan olunub.
Cüdo üzrə Avropa və Dünya çempionu, İslam Oyunlarının qalibi Nicat Şıxəlizadə Unikal.org-a açıqlamasında idmançı formasını necə qorumasından danışıb: "Karantin vaxtı elan olunandan bu günə qədər bacardığımızı, yəni əlimizdə olan imkanlardan istifadə edirik. Belə ki, bədənimizi tonusda saxlamaq üçün idman hərəkətləri edirik.
Təbii ki, əvvəlki vəziyyətlə indikini müqasiyə etsək, idmançı formamız o qədər də yüksək deyil. Əgər yarışlar başlasa, zallar açılsa, var-gücümüzlə hazırlaşıb, yüksək formaya qalxa bilərik. Düzdür, bu, böyük fasilədən sonra asan olmayacacaq. Əsas odur ki, bu bəla üzərimizdən götürülsün".
Dünya çempionu karantin rejiminin idmançılara təsir etməsi məsələsinə də toxunub: "Təbii ki, koronavirusun idmançılara təsiri böyükdür. Bu qədər hazırlıq keçmişdik, hətta deyərdim ki, bəzi idmançılarımız Olimpiya Oyunları üçün tam hazır idi.
İndi yarışlar başlasa, vəziyyət necə olacaq? Bax bunu zaman göstərəcək. Amma biz yenə də var-gücümüzlə əvvəlki formanı qaytarmağa çalışacağıq".
Aygün İlqarqızı