UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları keçirilir.
Unikal.org xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" klubu Bakıda Şimali Makedoniyanın "Sileks" komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü Ukraynadan olan hakimlər briqadası idarə edib.
Matçın 11-ci dəqiqəsində "Qarabağ" hesabı açıb. Xayme Romero fərqlənib.
Ağdam təmsilçisi ikinci qolunu vurub. 40-cı dəqiqədə Donald Gerye adını qol siyahısına yazdırıb.
Görüşün ilk hissəsi Azərbaycan çempionunun üstünlüyü ilə başa çatıb.
Donald Gerye 51-ci dəqiqədə özünün ikinci, komandasının 3-cü qolunu vurub. "Qarabağ" klubunun dördüncü qoluna Mahir Emreli imza atıb. Milli komandanın üzvü 80-ci dəqiqədə vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Maraqlı epizodlarla yadda qalan qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsilə yekunlaşıb.
Qeyd edək ki, təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün Ağdam komandası növbəti mərhələyə vəsiqə qazanıb.
Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) matçının qalibi ilə üz-üzə gələcək.