Gəncədə COVİD-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir.
Unikal.org xəbər verir ki, bildiyimiz kimi, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət etməklə açıq hava məkanlarında iaşə müəssisələrin fəaliyyət göstərməsinə icazə verilib. Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşlarından ibarət mobil qruplar yaradılıb. Mobil qrup üzvləri şəhərdə fəaliyyətinə icazə verilən obyektlərə reyd keçiriliblər, sakinlərlə söhbətlər aparıblar.
Onlar obyekt sahiblərinə və sakinlərə sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə dair tövsiyyələr veriblər, habelə müvafiq metodiki göstərişlər paylayıblar. Baxış zamanı karantin qaydalarına əməl etməyən 20-dən çox obyekt sahibinə yerində protokollar tərtib edilib.
Qeyd edək ki, Gəncədə reydlər mütamadi olaraq davam edəcəkdir.