Azərbaycanın basketbol üzrə milli komandası əcnəbilərlə yollarını ayırmaq qərarına gəlib.
Federasiyanın bildirdiyinə görə, buna səbəb yerli idmançılar yetişdirmək, yerli basketbolçulara şans verməkdir. Ancaq federasiyanın belə qərar verməsinin səbəbinin maddi sıxıntılar yaşadığı iddia olunur.
Bildirək ki, federasiya əcnəbi idmançılarla yollarını ayırsa da, iki idmançının - Jaycee Don Carrol və Moses Marshall O.-nun adı hələ də ABF-nin rəsmi saytında yığma komandanın üzvləri arasında yer alır. Məsələ ilə bağlı basketbol üzrə milli komandanın baş məşqçisi Samit Nuruzadə ilə əlaqə saxladıq.
Baş məşqçi Unikal.org-a müsahibəsində əsas heyətin siyahısının hələ tərtib edilmədiyini bildirib:
- Jaycee Don Carrol və Moses Marshall O. hazırda milli komandamızın tərkibindədir?
- Onlar “LongList” deyilən siyahıda var. 12 nəfərlik siyahıda (shortList) isə yox. Belə ki, “ShortList” yarış öncəsi tərtib olunur. Onu da mən tərtib edirəm. Hələ ki, onların heç biri mənim siyahımda yoxdur.
- Gənclərdən ibarət milli komandaya da siz nəzarət edirsiniz?
-Mən milli komandanın baş məşqçisi olaraq təkcə 12 nəfərə baxmıram. Bütün yaş kateqoriyasından olan komandalara nəzarət edirəm. Hər siyahıda olan milli komandanın üzvü olmur.
- Məşqlərə başlamısınız?
- Yeni - açıq havada məşqlərə icazə verildiyi gündən başlamışıq. Düzdür zalda olan kimi güclü məşqlərimiz olmur. Çünki gah yağış, gah külək olur. Bu da müəyyən qədər məşqlərimizə mane olur.
- Basketbolçuların ümumi durumu necədir?
- Əlbəttə maraqlanırıq. Çox pisdir. Pandemiya və karantin onlara təsir edib. Biz də əlimizdən gələn qədər məşqləri bərpa etməyə çalışırıq.
- Bəs səhhətində problem olan idmançı var?
- Əlbəttə, zədəsiz ötüşmək mümkün deyil. Amma ümumi vəziyyət normaldır.
Aygün İlqarqızı