Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.
Unikal.org xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu qəbul edib.
Bir matçdan ibarət olan və azarkeşsiz keçirilən dueldə hesabı Qurban Qurbanovun yetirmələri açıb. Azərbaycan çempionu ilk yarının ortalarında Uroş Matiçin penalti zərbəsi ilə önə keçib. Az sonra qırmızı vərəqə alan qonaqlar azlıqda qalıblar.
İkinci hissədə Mahir Emreli fərqi artırıb. Bu, hücumçunun cari mövsümün ümumilikdə 3-cü oyunundakı 4-cü qolu olub. 10 futbolçu ilə qalan Moldova çempionu bu qollardan birinin əvəzini çıxa bilsə də, “Qarabağ” qələbə hesabını qoruya bilib.
Bununla da “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqasında, bir il sonra Avropa Liqasında olduğu kimi, yenə “Şerif”i mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsinə yüksəlibsə, Tiraspol təmsilçisi Avropa Liqasına yollanıb.
Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də, pley-offdakı mümkün rəqibi isə sentyabrın 1-də keçiriləcək püşkatmada bəlli olacaq.