Koronavirus pandemiyası dövrü hər sahədə olduğu kimi idmana da təsirsiz ötüşməyib. Bu idman növlərindən biri də sambodur.
Sambo guləşi üzrə yığma komandanın baş məşqçisi, beynəlxalq dərəcəli Əməkdar idman ustası Bəxtiyar Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, pandemiya idmançıların formadan düşməsinə səbəb olmuşdu:
“Açıq havada məşqlərə icazə veriləndən sonra biz də Tofiq Bəhramov Adına Respublika Stadionunda məşqlərimizi bərpa etmişik.
Bildiyiniz kimi, pandemiyaya görə, əsas yığma komandanın yarışları təxirə salınıb. Yeniyetmələrin 9-11 oktyabr tarixlərində keçirləcək Dünya Birinciliyi hələ ki qüvvədədir. Bundan əlavə idmançılarla məşqlərə icazə verilmədiyi dövrdə də mütəmadi olaraq əlaqə saxlayırdıq. Onların səhhəti və ümumi vəziyyəti ilə maraqlanırdıq.
Şükür, idmançıların vəziyyəti yaxşıdır. İdmançılarımızın formalarını itirməməklərinə çalışırıq. Düzdür, pandemiya ilə əlaqədar olaraq onlar formadan bir az düşmüşdülər.
Onu da bildirim ki, 2016-cı ildən idmana fasilə vermiş son dünya çempionumuz Amil Qasımov bir müddətdən sonra yenidən komandaya qayıtmaq fikrindədir. Biz də onun qayıtmasının tərəfdarıyıq. Çünki o da bizim potensiallı idmançımızdır”.
Baş məşqçi komandaya legionerlərin cəlb olunub - olunmamasına da toxunub: “Bizim millidə əcnəbi idmançı yoxdur. Çünki hazırda buna ehtiyacımız yoxdur. Gələcəkdə heyətimizdə legionerin olub-olmaması federasiya rəhbərliyinin qərarıdır”.
Qeyd edək ki, B.Hacıyev sambo güləş üzrə milli komandaya təyin olunan vaxtdan idmançılar bir çox uğurlara imza atıb - Moskvada keçirilən Dünya Kubokunda 2 qızıl, Yeniyetmə və Gənclərin Dünya Birinciliyində qızıl və gümüş, Avropa Çempionatıında 2 bürünc medal qazanılıb.
Aygün İlqarqızı