ABŞ-ın Federal Mülki Aviasiya idarəsi ən böyük onlayn riteyler olan “Amazon” tərəfindən yaradılmış “Amazon Prime Air” pilotsuz təyyarələrlə çatdırılma xidmətinin fəaliyyətinə icazə verib. Bu, şirkətə sınaq kommersiya fəaliyyətinə başlamağa imkan verəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, “Amazon” şirkətinin rəsmisi hələ ki, bu barədə ətraflı açıqlama verməyib. Şirkətin ABŞ-ın şimal-qərbində sınaq poliqonları var, bundan başqa pilotsuz təyyarələr Böyük Britaniyada sınaqdan keçirilib. Yalnız o məlumdur ki, şirkət ötən il nümayiş etdirilmiş hibrid konstruksiyalı 6 tərəfli multikopterlərdən istifadə edəcək.
Belə aparatlar üfüqi uçuş zamanı təyyarə kimi hərəkət edərək şaquli olaraq qalxa və enə bilər. Aparat infraqırmızı kameralar, dərinlik sensorları və sonarların kombinasiyası sayəsində hava məkanında hərəkət edə və maneələri dəf edə bilər.