Bakı Apellyasiya Məhkəməsində arvadını 5-ci mərtəbədən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli barəsindəki hökmdən zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi şikayətə baxılıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Taxvelinin barəsində eskpertiza təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsininin hökmünə əsasən Ramiz Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqda qərar qəbul edilib.

Xatırladaq ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Onu da qeyd edək ki, Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art-direktorudur. O, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun qız nəvəsidir.

Qətlə yetirilən Adelya Taxveli isə "Atəşgah Sığorta" şirkətinin əməkdaşı olub.