Hindistanda COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi yumşaldıldıqca, yoluxma hallarının sayı artır. Ötən sutka ərzində ölkədə 83 min 883 yoluxma halı qeydə alınıb. Bu, Hindistanda gündəlik yoluxma üzrə ən yüksək rəqəmdir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 3 milyon 853 min 406 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 1043 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 67 min 376-ya çatıb. Ötən gün rekord sayda - 1,17 milyon test aparılıb.
Pandemiya ölkə iqtisadiyyatına ciddi ziyan vurub. Statistika Nazirliyinin açıqlamasına əsasən, aprel-iyun aylarında ümumi daxili məhsul 23,9 faiz azalıb. Bu, Hindistan tarixində ən pis göstəricidir. Hökumət iqtisadiyyatın canlanması üçün sentyabrın 1-dən karantin rejiminin növbəti mərhələdə yumşaldılmasına start verib.
Qeyd edək ki, Hindistan gündəlik yoluxma sayı 2 rəqəmli ədədlə ifadə olunan mart ayında xüsusi karantin rejiminin tətbiqinə başlanılıb, növbəti aylarda rejim bir neçə dəfə sərtləşdirilib, iyundan bəri isə yumşalmaların tətbiqinə başlanılıb. Hindistan hazırda COVID-19 virusuna yoluxanların və ölüm hallarının sayına görə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharaştra, Andhra Pradeş, Karnataka, Tamil Nadu və Uttar Pradeş ştatlarındadır.