Sentyabrın 2-də saat 08 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini 1979-cu il təvəllüdlü Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Unikal.org-a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 

Aparılan istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəmnində aralarında yaranan mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Eyvaz Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.