Sentyabrın 11-də saat 09 radələrində Bərdə rayonu, Gərənə kənd sakini Gülnar Namazovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bərdə rayon prokurorluğundan Unikal.org-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla 2001-ci il təvəllüdlü Gülnar Namazovanın sentyabrın 8-də saat 13 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün doğuş prosesi aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq 11 sentyabr 2020-ci il tarixdə həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, bu Tünzalə Quliyevanın baş həkimi olduğu Bərdə Doğum evində bu cür hallar ilk dəfə baş vermir. Belə ki, hələ 2019-cu ilin yanvar, fevral və mart aylarında sözügedən doğum evində doğuş edən anaların körpələri tələf olub. Ən dəhşətlisi isə Fevral ayında 10 gündə 4 körpənin dünyasını dəyişməsi olub.