“Hürriyət” qəzeti oktyabrın 11-nə keçən gecə Ermənistan ərazisindən Gəncənin raket atəşinə tutulması nəticəsində hər iki valideynini itirən 16 yaşlı Sevil və 9 yaşlı qardaşı Hüseynlə görüşərək həmin qorxulu gecəni onların dilindən dinləyib.
Unikal.org xəbər verir ki, erməni terrorunun qurbanları – 38 yaşlı Anar Əliyev və 36 yaşlı Nurçin Əliyevadan xatirə qalan övladlarına qohumları baxırlar.
Anar Əliyevin qardaşı Yalçın Əliyev “Hürriyət” heyətinə o gecəni belə nəql edib:
“Gecə xəbər gələndə buradan 15 dəqiqəlik uzaqda idim. Gələndə hər yerin müharibə zonası kimi olduğunu gördüm, yaralılar var idi. Qardaşım binanın birinci mərtəbəsində yaşayırdı. Bütün bina çökmüşdü, onlardan xəbər ala bilmirdik.
13 saat sonra qardaşımla yoldaşını dağıntılar altından çıxardılar. Ümidlə sağ çıxarılacaqlarını gözləmişdik, təəssüf ki, olmadı. Yatdıqları yataqlarında ev üstlərinə çökmüşdü.
Azərbaycanın hər yerindən, Türkiyədən minlərlə başsağlığı, dəstək mesajları aldıq. Başımızı dik tutma günüdür, onlar bizim şəhidimizdir. İki uşağı ata-anasız qoydular.
Şəhidlərimizin qanı yerdə qalmayacaq. Qarabağ işğaldan xilas ediləndə ağrımız azalacaq, Qarabağdakı zəfər ürəyimizə su səpəcək.
Ermənistanın məsum insanları yatağında vurması Xocalı qətliamının davamıdır. Dövlət terrorudur, uşağı, qadını yuxusunda vurmaq, öldürmək hansı kitaba sığır?!”
Ailənin qızı Sevil isə 11 oktyabr gecəsini belə xatırlayır:
“Anam və atamla gec saatlara qədər televizora baxdıq. Daha sonra onlar otaqlarına gedib yatdılar, mən də öz otağıma keçdim. Film izləyirdim, qorxulu partlayış səsi eşitdim. Ardınca hər yer dağılmağa başladı, toz-duman yayıldı. Başıma nəsə düşdü, dağıntılar altında qaldım. Qışqırdım, anamla atamdan səs gəlmədi. Üzərimə düşən divar hissələrini qaldırmağa başladım. Çıxdıqdan sonra telefonumun işığını yandırıb valideynlərimin otağına getdim, ikisi də dağıntılar altında idi. Divarlar, tavan üstlərinə düşmüşdü.
Əllərimlə qazmağa, xilas eləməyə çalışdım, gücüm çatmadı. Yaralanmışdım, başım qanayırdı, o anda huşumu itirmişəm. Gözlərimi açanda gördüm ki, məni oradan çıxarıblar. Xəstəxanaya aparmaq istədilər, “ana-atam çıxmadan getmərəm” dedim.
Dağıntılar altından sağ çıxmalarını gözlədim, çıxmadılar... Məni, 9 yaşlı qardaşımı tək buraxıb getdilər...
Mənimlə, qardaşımla bağlı çox xəyalları var idi. Bu il universitetə hazırlaşırdım. Onların xəyallarını həyata keçirəcəyəm. Onların fəxr edəcəkləri övlad olacağam”.