İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib.

Unikal.org xəbər verir ki, aksiya iştirakçıları yerli sakinlərin diqqətini Ermənistan ərarizindən Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına cəlb edərək, bütün insani dəyərlərə zidd olan bu vəhşi, amansız terror aktlarını sərt şəkildə qınayıblar.

Ermənistanın və erməni separatçılarının hərbi təxribatlarla Cenevrə Konvensiyasının tələblərini, fundamental insan hüquqlarını, azərbaycanlıların yaşamaq haqqını kobudcasına pozduğu, faşist mahiyyətli siyasət yürütdüyü nəzərə çatdırılıb. Aksiya iştirakçıları dünya birliyinə və beynəlxalq ictimaiyyətə ermənilərin barbar və vandalizm aktlarına laqeyd və səssiz qalmamağa çağırış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqımıza müraciətindən, müxtəlif ölkələrin aparıcı və nüfuzlu telekanallarına verdiyi müsahibələrindən sitatlar səsləndirilib. Haqlı və ədalətli mövqeyə malik Azərbaycanı dəstəkləyən Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər ölkələrə minnətdarlıq ifadə edilib.

Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Azərbaycan ədalət istəyir!", “Azərbaycan sülh istəyir”, "Biz terrora yox deyirik!", "Qarabağ haqqımızdır!", "Biz səninləyik, Azərbaycan!" və sair şüarlar səsləndirilib.

Aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.