“Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində yeni-yeni qələbələr qazanır. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz demək olar ki, hər gün irəliləyir, uğurlar əldə edir. Ordumuzun gücü qarşısında düşmənin hərbi birləşmələri döyüş mövqelərindən qaçır”.
Bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev Unikal.org-a açıqlamasında deyib.
Millət vəkili bildirib ki, əks-hücum əməliyyatlarının ilk günündə ordumuz, qəhrəman əsgərlərimiz Füzuli rayonunun bir neçə kəndini, bir sıra strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəzini azad etdi. Həmin gündən sonra da qələbə xəbərləri bir-birinin ardınca xalqımızı sevindirir. Cəbrayıl şəhərinin və onun çoxlu sayda kəndlərinin, Hadrut qəsəbəsinin, Füzuli şəhərinin və onun bir çox kəndlərinin, eləcə də Xocavənd rayonunun bəzi kəndlərinin işğaldan azad edilməsi buna sübutdur. Cənab Prezident Azərbaycan xalqına son müraciətində yeni qələbə müjdəsi verdi. Zəngilan şəhəri və onun bəzi kəndləri, eləcə də Cəbrayıl, Füzuli və Xocavənd rayonunun bir sıra kəndləri işğalçılardan azad olundu! Bu qələbələr münasibətilə bütün xalqımızı təbrik edirəm! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Ali Baş Komandan İlham Əliyev!
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətlərində, həm də xarici kütləvi informasiya vasitələrinə müsahibələrində prinsipial mövqeyini dəfələrlə bəyan edib: “Bu mövqe ondan ibarətdir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Bundan sonra məsələ siyasi müstəvidə həll oluna bilər. Amma biz hələ ki, erməni tərəfindən hər hansı konstruktiv mövqe görmürük. Əksinə, Ermənistanın baş naziri indiyədək mövcud olan münaqişənin həlli ilə bağlı baza prinsiplərini inkar edir. Bilirsiniz ki, oktyabrın 10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında humanitar atəşkəslə bağlı razılaşma əldə olundu. Amma erməni tərəfi dərhal bu razılaşmanı pozdu. Onlar ikinci dəfə də, yəni oktyabrın 18-də də atəşkəslə bağlı razılaşmaya əməl etmədilər, döyüş mövqelərimizi və yaşayış məntəqələrini intensiv atəşə tutdular. Bütün bunlar o deməkdir ki, işğalçı Ermənistan bu razılaşmalardan sui-istifadə edib itirdiyi mövqeləri geri qaytarmağa çalışır.
Ümumiyyətlə, münaqişənin tarixində belə faktlar kifayət qədərdir. Mən təkçə bir faktı demək istəyirəm. 1992-ci ilin may ayıında İranın vasitəçiliyi ilə Tehranda Azərbaycan və Ermənistanın rəhbərlərinin görüşdülər. Şuşa şəhəri məhz həmin görüş günü işğal olundu. Bu faktlar erməni xislətinin göstəricisidir. Paşinyan hakimiyyəti indi də atəşkəs razılaşmasından öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərir. Amma unutmamalıdırlar ki, Azərbaycan 1990-cı illərin əvvəlindəki Azərbaycan deyil”.
Deputat qeyd edib ki, döyüş meydanında uduzan təcavüzkar Ermənistan mülki insanları hədəfə alır: “İşğalçı erməni hərbi birləşmələrinin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Gəncə, Mingəçevir, Naftalan, Xızı, Abşeron, Goranboy, Daşkəsən, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, Füzuli və Beyləqan kimi şəhər və rayonları atəşə tutulur. Buradan da göründüyü kimi bəzi şəhər və rayonlar cəbhə xəttindən xeyli uzaqdır. Xüsusilə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə olan raket hücumu miqyası baxımından dəhşətlidir. Bu şəhərə atılan ballistik raketlər qadağan olunmuş silahdır və ermənilərin bu addımı hərbi cinayətdir. Gəncəyə edilmiş xain hücum nəticəsində 25 mülki şəxs həlak olub, 55 nəfər yaralanıb. Ölənlər arasında uşaqlar və qadınlar da var. Respublika Prokurorluğunun son rəsmi məlumatına əsasən, düşmənin xain hücumları nəticəsində ümumilikdə 63 mülki şəxs həlak olub, 300 nəfərə yaxın yaralanıb. 1941 ev, 90 çoxmənzilli yaşayış binası və 382 mülki obyekt yararsız vəziyyətə düşüb.
İşğalçı Ermənistanın bu hücumları beynəlxalq hüquq normalarına və humanitar prinsiplərə, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarına ziddir. Azərbaycanın müvafiq dövlət qurumları, eləcə də cəmiyyətimizin bütün təbəqələri bu həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Bu istiqamətdə dünya ölkələrinə, beynəlxalq təşkilatlara rəsmi müraciətlər edilir, xarici kütləvi informasiya vasitələrində və sosial şəbəklərdə yayılır”.
Bu gün cəbhədə ordumuzun uğurlar qazanması ilə yanaşı diplomatik cəbhədə də üstünlüyə sahib olduğumuzu deyən Ağalar Vəliyev söyləyib ki, hazırda diplomatiya sahəsində də davamlı olaraq nailiyyətlər əldə edirik. Belə ki, ötən illər ərzində diplomatiya sahəsində qazanılan uğurlar, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlar bizim üstünlüyüzü artırıb. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Hazırda torpaqlarımızı hərbi yolla azad edərkən məhz bu tipli diplomatik uğurlara da istinad edirik. Bu gün rəsmi qurumlarımız diplomatik fəaliyyətini uğurla davam etdirir. İşğalçı Ermənistanın havadarlarının çox olmasına baxmayaraq, bu gün Azərbaycanın haqq işini dəstəkləyən dövlətlərin də sayı artmaqdadır. Ötən günlər ərzində müxtəlif dövlətlərin rəsmi qurumları tərəfindən verilən dəstək bəyanatları da bunu təsdiqləyir.
“Təbii ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur. Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbə xəbərlərinə köklənib. Cənab Prezidentin bu gün verdiyi növbəti qələbə xəbərləri hər bir kəsi daha da ruhlandırır. O cümlədən, mənim təmsil etdiyim, cəbhə bölgəsində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının sakinləri də düşmənin qarşısında mərdliklə dayanıb, yüksək vətənpərvərlik mövqeyi nümayiş etdirirlər. İnşallah, tezliklə bütün torpaqlarımızdan işğalçılar qovulacaq, Azərbaycanın ərazi bütövlüyü tam təmin ediləcək! Qarabağ Azərbaycandır!”,- deyə deputat vurğulayıb.
Hüseyn İsgəndərov