Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Vüsalə Seyfəddinova UEFA Çempionlar Liqasında gözəl qola imza atıb.

Unikal.org xəbər verir ki, Türkiyənin "Qaziantep ALG Spor" klubunda çıxış edən yarımmüdafiəçi ilkin təsnifat mərhələsində Albaniyanın "Vlazniya” komandasına qarşı oyunda fərqlənib.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb, əlavə vaxtda isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Seyfəddinova komandasının ilk qolunun müəllifi olub. Qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Albaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Vüsalə Seyfəddinova Türkiyə klubuna bu ilin oktyabrında Rusiya "Ryazan"ından keçib.