"Hər iki komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir. "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay bildirib ki, ciddi hazırlaşıblar və qələbə üçün hər şeyi edəcəklər. Bu fikirlər bizdə də var. Bu gün Türkiyə Super Liqası ilə Azərbaycan Premyer Liqasının arasında fərq böyükdür".
Unikal.org xəbər verir ki. bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, gözəl oyun və maksimum nəticə üçün meydana çıxacaqlar: "Hər iki komandaya uğurlar arzulayıram. Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik. "Vilyarreal"la ikinci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqə ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar. Bu gün mənə Qurani Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir".
Qurbanovun qrupdan çıxmaq şansı barədə bunları söyləyib: "Heç vaxt qrupdan çıxa bilməmişik. Həşimə sona qədər mübarizə aparmışıq. Bir neçə dəfə növbəti mərhələ üçün şansımız olub. Amma alınmayıb. Avropa Liqasının qrup oyunlarında hər bir ölkənin yaxşı komandaları çıxış edir. Biz böyük təcrübə toplayırıq. İnanıram ki, bəzi məğlubiyyət gələcəkdə bizə fayda verəcək. Digər komandalarımnız da qruplarda çıxış etməlidirlər ki, mübarizə daha çox olsun. Bizim hələ ki, hazırkı qrupda xalımız yoxdur, amma şansımız var. Məğlubiyyət bəlkə də şansların qarşısını ala bilər. Hədəfimiz qələbə qazanmaqdır".
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.