Hazırda karyerasını “Kristal Pelas”da davam etdirən Mamadu Sako Ümumdünya Antidopinq Agentliyini (WADA) məhkəməyə vermişdi.
Unikal.org xəbər verir ki, məhkəməni 30 yaşlı futbolçu qazanıb. Bu barədə Sako “tvitter” hesabında paylaşım edib. O, belə çətin günlərdə yanında olan ailəsinə, dostlarına təşəkkür edib və həyatının ən vacib günlərindən birini yaşadığını deyib.
Məğlub olan WADA, Sakoya verilən cəzanın səhv olduğunu qəbul edərək, futbolçunun yaşadığı maddi zərəri qarşılamağa hazır olduğunu bildirib.
Sako “Liverpul”da çıxış edərkən – 2016-cı ilin aprelində verdiyi dopinq testi zamanı qadağan edilmiş maddə tapıldığı üçün 30 günlük futboldan kənarlaşdırılmışdı. Müdafiəçi bu səbəbdən Avropa Liqasının “Liverpul”la “Sevilya” arasında keçirilən final matçında iştirak edə bilməmişdi. Sako, 30 günlük qadağaya görə Fransa milli komandasındakı yerini də itirmişdi.
Dopinq testdə tapılan maddənin qadağan olunmadığı üzə çıxdıqdan sonra fransız müdafiəçi bəraət qazanmışdı. “Liverpul”dan ayrıldıqdan sonra futbolçu kimi qazancının və şəxsi markasının dəyərinin azaldığını iddia edən Sako, WADA-dan 14,5 milyon avro təzminat tələb edərək, qurumu məhkəməyə vermişdi.