Nazir müavini: "Gələn il əlil və veteranların təqaüdləri artırılacaq"
11:16 27-12-2012
CƏMİYYƏT
Nazir müavini: "Gələn il əlil və veteranların təqaüdləri artırılacaq"
Firudin Məmmədov: "Bu artım isə Qarabağ əlillərinin dolanışığında heç nəyi dəyişdirmir"
Əmək və əhalin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib: "Əlillərin yaradıcılıq işlərinə cəlb olunması və yaradıcı əllilərin bu istiqamətdə təcrübəsinin artırılması üçün hökumət layihələri davam etdiriləcək. Bu məqsədlə həmin proqramın həyata keçirilməsi üçün 4 milyon manatdan çox vəsait nəzərə tutulub".
Nazir müavini bu layihələr çərçivəsində, həmçinin əlillərin reabilitasiyası və müalicəsinin də həyata keçiriləcəyini bildirib: "Müalicə prosesi Azərbaycanda və xarici ölkələrdə aparılacaq. Layihədə əlillərin idmana cəlb olunması, onların məişət və sosial problemlərinin həlli də əksini tapacaq".
İ. Rəhimov Azərbaycanda 435 mindən çox əlil olduğunu, hər bir əlil vətəndaşın müxtəlif proqramlara cəlb edildiyini vurğulayıb.
Nazir müavini əlil və veteranların təqaüdlərinin 2013-cü ildə artırılacağını da deyib: "Sosial müavinətlərin ödənişində də artım olacaq. Ötən il bu artım 10 faiz olmuşdu. Bu il də ən azı 10 faiz artım nəzərdə tutulur. Düzdür, bəzən sosial müavinətlərin az olması barədə fikirlər səslənir, əlbəttə, biz bununla razıyıq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu məbləğlər ilbəil artır. Bu gün yüksək məbləğdə müavinət alan vətəndaşlar da var. Amma aşağı müavinət alanlar da var ki, onları müxtəlif yardım proqramlarına cəlb etməklə gəlirlərini kompensasiya edirik".
İ. Rəhimov artımın bütün təbəqələri əhatə edəcəyini də deyib.
Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədovun sölərinə görə, "Qarabağ müharibəsi əlillərinin sosial durumu göz qabağındadır və bunun şərhinə ehtiyac yoxdur. Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyinə görə, ölkədə bir nəfərin yaşayış minimumu 116 manatdır. Ortastatistik Azərbaycan ailəsinin üzvləri dörd nəfərdən ibarət olsa, onların yaşayışı üçün 464 manat tələb olunur. Nəzərə alın ki, Qarabağ əlillərinin əksəriyyəti ilə başçısıdır. İndi gəlin, bu ailələrin minimum yaşayış səviyyəsini təmin edin!"
Sədrin sözlərinə görə, "Əlil ailələri isə ayda uzaqbaşı iki yüz manat pul əldə edə bilirlər. Bu, başqa bir məsələdir ki, Qarabağ müharibəsinin əlillərinə mənzillər paylanıb, avtomobillər verilib. Bütü bunlara görə Azərbaycan hökuməti sağ olsun, amma müharibə əlili hər gün evinə çörək aparmalıdır. Yəni öz ailəsinin aylıq tələbatını minimum şəkildə ödəməlidir. Bu baxımdan yanaşanda Qarabağ əlillərinə verilən təqaüdlər xeyli azdır. İlqar Rəhimovun söylədiyi artım təqaüdlərin baza hissəsinin, yəni 85 manatın 10 faiz artımına aiddir. Deməli, gələn il müharibə əlillərinin təqaüdünə 8 manat 50 qəpik də əlavə ediləcək. Bu artım isə Qarabağ əlillərinin dolanışığında heç nəyi dəyişdirmir. Prezident təqaüdünü də nəzərə alsaq, artım on-on beş manat təşkil edəcək".
Firudin bəyin dediyinə görə, "Müharibə əlillərinin təqaüdlərinin artırılması barədə hökumət məmurları müxtəlif vaxtlarda müxtəlif rəqəmlər söyləyirlər. Dövlət Sosial Müdafiə Fondunun başçısı Səlim Müslümov keçən dəfə başqa bir artım faizindən danışırdı. İndi də İlqar müəllim tamam başqa bir rəqəm deyir. Buna görə də real vəziyyətin necə olacağı barədə fikir söyləmək çox çətindir. Bütün bunlarla yanaşı bildirməliyəm ki, Qarabağ əlillərinin sosial durumu, xüsusən də onların sağlıq vəziyyəti çox ağırdır. Əslində, bizim müharibə əlilləri pulsuz müalicə olunmalıdır, bu proses isə çox yarıtmaz şəkildə həyata keçirilir. Buna görə də bu yaxınlarda məsələ qaldırmışıq ki, Qarabağ müharibəsinin əlilləri pulsuz deyil, pullu şəkildə müalicə edilsin, yəni sığortalanmış şəkildə həyata keçirilsin. Əlillərn və oların ailə üzlərinin sağlamlığı sığortalansa, bu onlara çox böyük dəstək ola bilər".
Natiq
Digər Xəbərlər
2024-11-22 13:04:28
2024-11-22 12:51:54
2024-11-22 12:37:06
2024-11-22 12:34:00
2024-11-22 12:30:59
2024-11-22 11:53:03
2024-11-22 11:38:12
2024-11-22 11:24:00
2024-11-22 11:08:00
2024-11-22 10:39:39
2024-11-22 10:34:42
2024-11-22 09:47:56
2024-11-22 09:37:00
2024-11-22 09:12:46
2024-11-22 09:06:21
2024-11-22 09:04:05