Anasını döyən oğul amansızlıqla öldürüldü
Anasını döyən oğul amansızlıqla öldürüldü
Səadət Bənənyarlı: “Azərbaycan ailəsinin psixoloji strukturunda xoşagəlməz dəyişikliklər gedir və bu proses ailənin ağsaqqalları və ağbirçəklərinin ənənəvi vəziyyətinə mənfi təsir etməyə başlayıb”
Dekabrın 22-də Masallı rayonunda baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, Köhnə Alvadı kəndində yaşayan 56 yaşlı Rasim Abıyev qardaşı Əfqan Abıyevi ailə münaqişəsi zəminində qətlə yetirib.
Məlumata görə, 43 yaşlı Ə.Abıyev xeyli müddət Rusiya Federasiyasında yaşayıb və orada işləyib. Bir neçə il əvvəl o, Rusiyada evləndiyi qadın və qızı ilə birlikdə kəndə qayıdıb. Lakin anası oğlunun həmin qadınla evliliyinə qarşı çıxıb və onların ata evində yaşamasına icazə verməyib. Bundan sonra Ə.Abıyev ailəsini də götürərək Bakıya qayıdıb və burada ev kirayə tutub. Bu müddət ərzində o, dəfələrlə kəndə anasının yanına da gedirmiş və hər dəfə anasından kəndə köçmək üçün razılıq almağa çalışırmış. Lakin qadın buna icazə verməyib. Hər dəfə də Ə.Abıyev kənddə olarkən inadına görə yaşı 70-i ötmüş anasını döyürmüş.
Bundan xəbər tutan Ə.Abıyevin böyük qardaşı Rasim məsələyə müdaxilə edib. Anasının oğlu tərəfindən döyülməsinə dözə bilməyən 56 yaşlı kişi belə hadisələrdən biri baş verən vaxt gecə saatlarında evə gəlib. O, qardaşı Əfqanın anasını yenə vurduğunu görüb. Buna görə də qardaşı ilə dalaşıb. Kiçik qardaşının hərəkətlərinin qarşısını ala bilməyən R.Abıyev daha sonra bıçağa əl atıb. O, bıçaqla Əfqana iki ölümcül zərbə endirib. Ə.Abıyev ölüb, o isə polis şöbəsinə gedərək əməlini etiraf edib və təslim olub.
Qeyd edək ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.
Beynəlxalq İnsan Hüquqları Komitəsinin Azərbaycan milli bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı yuxarıdakı hadisəni şərh edərkən bildirdi ki, “Son illərdə Azərbaycan ailəsinin psixoloji strukturunda xoşagəlməz dəyişikliklər gedir və bu proses birinci növbədə ailənin ağsaqqalları və ağbirçəklərinin ənənəvi vəziyyətinə mənfi təsir etməyə başlayıb. Məlum olduğu kimi, bizim ailələrdə ağsaqqalların nüfuzu və sözü xüsusi çəkiyə malik idi. Lakin bu üstünlük tədricən sıradan çıxmağa başlayıb və ondan çox az əsər-əlamət qalıb. Nəticədə az qala hər ay mətbuatda hansısa ailədə atanın, babanın və yaxud ananın döyülməsi və öldürülməsi barədə məlumatlara rast gəlirik”.
Hüquq müdafiəçisinin fikrincə, “Belə bir vəziyyətə gətirib çıxardan bir neçə ciddi səbəblər var və fikrimcə, ən ciddi səbəb orta məktəblərdə tərbiyə sistemində yol verilən nöqsanlardır. Azərbaycan məktəblərində əvvəllər müəllimlər şagirdlərə ictimai davranış qaydaları barədə məlumatlar verir, ailədaxili münasibətlər, böyük-kiçik instansiyaları haqda müntəzəm şəkildə söhbətlər aparırdılar. Təəssüf ki, bu mühüm ənənə artıq unudulub”.
Səadət xanım hesab edir ki, “Nə qədər ki gec deyil, Azərbaycan ailəsinin əvvəlki psixoloji iyerarxiyasını, strukturunu bərpa etməliyik. Bu işdə mətbuatın və televiziyanın üzərinə xüsusi yük düşür. Təəssüf ki, KİV-də bu mövzuda yazılara, verilişlərə və proqramlara çox nadir hallarda rast gəlirik”.
Nadir