“Ermənilər həmin əraziləri tərk edərkən oğlumun nəşini də özləri ilə aparmışdı”.
Bunu şəhid Çavuş Qurbanın atası Aydın Mehtizadə Unikal.org-a danışarkən deyib. Şəhid atası bildirib ki, oğlunun şəhid xəbərini nəşi evə gətrilənə qədər ailəsindən gizli saxlayıb:
“Oğlum Mehtizadə Qurban Aydın oğlu N saylı hərbi hissəsində xidmət edib. 2 il idir ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Onun xidmətdə olduğu yer ən yüksək mövqe idi. Sentyabrın 27-sində ermənilərin təribat törətməsi ilə ordumuz əks hücuma keçib. Əks hücum edənlər içərisində mənim oğlum da olub. Həmin gün oğlumunda içərisində olduğu hərbi dəstə Daşkəsəndən Kəlbəcər postunun üzərinə qalxıb. Hansı ki 27 il idi o torpaqlarımız düşmən tapdağı altında idi. Oğlum da daxil olmaqla 21 nəfərlə posta qalxıb və o yüksəklik ordumuz tərəfindən tutulub. Oğlum 21 nəfər Daşkəsən postunun ən dəqiq atıcılarından biri idi.
Həmin vaxt ora ermənilər qalxıb və qeyri-bərabər qüvvə olub. 21 nəfər oğlumgil, 80 nəfərdən çox isə ermənilər olub. 2 gün keçən döyüşdə onlar bir addım da geri çəkilməyib. Döyüşdə düşmən çox itki verib. Buna baxmayaraq özləri də sonda şəhidlik zirvəsinəyüksəliblər. Oğlumgilin şəhid olan vaxtının görüntülərini ermənilər çəkib sosial şəbəkədə paylaşmışdı.
Həmin döyüşlərdən sonra oğlumun cəsədi 64 gün ermənilərdə qaldı. 1 həftədir ki, oğlumu gətirib öz torpağımızda Ağstafada dəfn etdim.
Vətən sağ olsun! Allah Azərbaycanı, Ali Baş Komandanımız İlham Əliyevi qorusun.
Mənim oğlum qəhrəman kimi, döyüşə-döyüşə şəhid olub. Mən atayam. Dekabrın 16-da onun 23 yaşı tamam olacaqdı. Şəhid atası kimi istəyirəm ki, oğlum Mehtizadə Qurban Aydın oğlu layiq olduğu adı alsın”.
Aydın Mehtizadə bildirib ki, oğlu nişanlı olub: “O ailəli deyildi, övladı yox idi ki təsəlli tapım. Nişanlı idi. Gözümün-ağı qarası bir oğlum vardı. Gözünü qırpmadan canını vətən üçün qurban verdi. Yaşasın Azərbaycan!”.
Aygün İlqarqızı