Təhsil Nazirliyi hazırda cəbhə bölgəsində xidmətini davam etdirən Rüfət Novruzovun müraciətini müsbət cavablandırıb.
Unikal.org xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O qeyd edib ki, ötən gün sosial şəbəkələrdə yayımlanan əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti Təhsil Nazirliyi tərəfindən araşdırılıb və məsələnin müsbət həlli ilə bağlı müvafiq tapşırıq verilib:
“Məlumat üçün bildiririk ki, 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Xocalı şəhəri üzrə təsərrüfat qrupunun agenti Rüfət Novruzov 10 sentyabr 2020-ci il tarixindən 6 ay müddətinə ödənişsiz məzuniyyətlə bağlı 8 saylı ƏMHM-nin rəisinə müraciət edib. ƏMHM-nin rəisinin imzaladığı müvafiq əmr əsasında Rüfət Novruzova 10 sentyabr 2020-ci il tarixindən ailə vəziyyəti ilə bağlı 6 ay müddətinə ödənişsiz məzuniyyət verilib.
Rüfət Novruzov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün ordu sıralarına çağırılıb, lakin ödənişsiz məzuniyyətdə olması səbəbindən hərbi xidməti dövründə onun maaşı ödənilməyib. Rüfət Novruzovun Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilir. Onun 3 aylıq maaşı məbləğində maliyyə yardımı Təhsil İşçiləri Həmkarlar Komitəsinin büdcəsindən artıq ödənilib”.
C. Valehov həmçinin qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəman təhsil işçiləri Təhsil Nazirliyinin daimi diqqətindədir və bu istiqamətdə davamlı olaraq müvafiq addımlar atılır.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Əsgər Novruzov Rüfət Yunis oğlunun videomüraciəti yayılmışdı. O müraciətində bildirirdi ki, döyüşdə olmasına baxmayaraq, Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindəki iş yerindən 2 aylıq maaşı köçürülməyib.