"Bölgəmizdə terrorizm üzərində sonsuz qələbə qazanmadan sülhü bərpa edə bilmərik".
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Mustafa əl-Kazimi ilə Ankarada keçirdiyi ortaq mətbuat konfransında deyib.
"Cənab Kazimi ilə ortaq düşmənlərimiz olan terror təşkilatlarına qarşı birgə mübarizəni davam etdirmək barədə razılığa gəldik. Nə İraq, nə Türkiyə, nə də Suriyanın gələcəyində separatçı terrorizmə yer yoxdur".
Ərdoğanın sözlərinə görə, Türkiyə İraqın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət verir. Ölkəsi İraqın yenidən qurulmasına lazımi töhfə verməyə hazırdır və etnik mənsubiyyətindən asılı olmayaraq bütün İraq xalqını qardaş hesab edir.
Ankara ilə Bağdad arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə toxunan dövlət başçısı Türkiyə ilə İraqın 20 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə asanlıqla nail ola biləcəyinə inandığını bildirib.
"DEAŞ tərəfindən yıxılan xəttdə təmir işləri başa çatdıqdan sonra Kərkük neftini dünya bazarlarında daha çox miqdarda yenidən görmək istəyirik",-deyə Ərdoğan qeyd edib.