Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “XII-XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin tarixi-etnoqrafik məsələlərinə baxış” adlı Respublika elmi konfransı (onlayn) keçirildi.

Unikal.org xəbər verir ki, konfransı giriş sözü ilə açan Qərbi Kaspi Universiteti Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Ön Asiya və Qafqaz bölgəsinin XII-XV əsrlər tarixinin müxtəlif mövzuları üzrə təhrif olunmuş, zəif öyrənilmiş, ümumiyyətlə tədqiqata cəlb olunmayan aktual problemlərini tarix elminin müasir metodlarından da istifadə edərək yenidən araşdırmaq və tarixi gerçəklikləri rekonstruksiya etməyin vacibliyinə diqqəti çəkdi.

Konfransda təşkilatçı universitet də daxil olmaqla Respublikamızın 10-dan artıq ali təhsil və elm ocaqlarını təmsil edən müxtəlif alim və tədqiqatçılarla yanaşı Almaniya, ABŞ, Böyük Britaniya və Gürcüstandan olan elm adamları da elmi məruzələr etdilər.

Daha sonra məruzəçilər çox ziddiyyətli, həmçinin hadisə və proseslərin zənginliyi ilə seçilən bir dövrə təsadüf edən XII-XV əsrlər Ön Asiya və Qafqaz bölgəsinin tarixindən bəhs etdilər. Məruzələrdəqeyd olundu ki, yüzilliklər boyu baş verən ictimai-siyasi hadisələrin bolluğu, eləcə də təsərrüfat-mədəni həyatın inkişafı və müxtəlifliyi baxımından bütövlükdə adı çəkilən bölgə xalqlarının tarixində fərqlənən bir dövrdür. Orta əsrlərin bu dövrünün tarixi-etnoqrafik cəhətdən araşdırılması Ön Asiya və Qafqaz xalqlarının həyatında baş verən dəyişiklikləri və dinamikanı izləməyə imkan yaradır və bugünkü bir sıra etnik, milli, dini problemlərin başlanğıcına işıq tutur.

Konfransın sonunda müxtəlif elmi diskussiyalar təşkil olundu. Ön Asiya və Qafqazın orta əsrlər (XII-XV əsrlər) tarixini müstəqil, ideologiyadan kənar və mümkün real faktların əsasında araşdırılması günümüz üçün elmi aktuallıq kəsb etdiyi vurğulandı.