“Bu gün yorğunluq və yuxusuz qalma səbəbi ilə anidən bir narahatlıq keçirdim. Həmd olsun, artıq səhhətim normaldır”.
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay özünün “Twitter” səhifəsində yazıb.
“Başda cənab Prezidentimiz, Səhiyyə nazirimiz olmaqla telefonla zəng edib, mesaj yazıb səhhətimlə maraqlananların, sosial media üzərindən dualarını, diləklərini əsirgəməyənlərin hər birinə ürəkdən təşəkkür edirəm”, deyə F.Oktay bildirib.
Qeyd edək ki, dekabrın 21-də Ankarada Kiber Təhlükəsizliklə bağlı keçirilən simpoziumda çıxış edərkən qəflətən özünü pis hiss edən F.Oktaya mühafizəçiləri yaxınlaşıb, səhnənin işıqları söndürülüb, pərdələri qapadılıb və onu səhnədən uzaqlaşdırıblar. Bir müddət sonra F.Oktay tədbirin davam etməsi üçün təkrar səhnəyə gələrək həkimlərin müdaxiləsi nəticəsində səhhətinin normallaşdığını bildirib.
Həkimlər Prezidentin köməkçisinə istirahət tövsiyə etdikləri üçün, F.Oktay evinə gedib.