"Türkiye Bursları" Qarabağ uğrunda Vətən müharibəsi şəhidlərinin övladlarına ayrıca kvota yaradacaq.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xaricdəki Türklər və Qohum Topluluqlar Başqanlığının rəhbəri Abdullah Eren "Twitter" səhifəsində məlumat verib.
"Can Azərbaycanın Qarabağ Zəfərində şəhid olan qəhrəmanlarının övladlarına bu il "Turkiye Bursları" çərçivəsində özəl kvota ayırırıq. Türkiyə hər sahədə olduğu kimi, təhsildə də qardaşlarının yanındadır", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, "Türkiye Bursları" təhsil, yaşayış, tibbi sığorta, qidalanma xərclərini və stipendiyanı əhatə edən hərtərəfli təqaüd proqramıdır. Hər il dünyanın müxtəlif ölkələrindən olan tələbələr bu təqaüd proqramı ilə Türkiyədə təhsil alırlar.