Avropa İttifaqı ölkələrində koronavirusa qarşı daha bir peyvəndin tətbiqinə icazə verilib.

Unikal.org xəbər verir ki, martın 11-də Avropa Dərman Agentliyi (EMA) ABŞ-ın “Johnson & Johnson“ şirkətinin istehsalı olan peyvəndin tətbiqini tövsiyə edib. Bunun ardınca Avropa Komissiyası peyvəndin istifadəsinə icazə verib.

“Johnson & Johnson“ şirkətinin istehsalı olan peyvəndin digərlərindən fərqli xüsusiyyəti onun istifadə dozasının cəmi bir komponentdən ibarət olmasında və adi məişət soyuducularında belə saxlana bilməsindədir.

ABŞ-da iki həftə bundan əvvəl istifadəsinə icazə verilən peyvəndin Avropa ölkələrinə çatdırılması hələ bir neçə həftə çəkəcək.

Qeyd edək ki, Avropa İttifaqı şirkətə ümumilikdə 200 milyon doza peyvənd sifariş verib, onların 55 milyonu bu ilin ikinci rübü ərzində istehsalçı tərəfindən müvafiq ölkələrə çatdırılmalıdır.