Martın 16-da saat 16 radələrində 6 mülki şəxsin Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Rayon Prokurorluğundan Unikal.org-a bildirilib ki, aparılmış araşdırmalarla Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu və Abdulov Bəhruz Nadir oğlunun qeyd edilən ərazidə minaya düşmələri nəticəsində çoxsaylı ağır dərəcəli bədən xəsarətləri almaları, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğlunun aldığı xəsarətlərdən həlak olmaları, azyaşlı Hüseynov Hüseyn Razi oğlunun isə hər hansı xəsarət almaması müəyyənləşib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.

xxx

18:29

Ağdam rayonunda 6 nəfər minaya düşüb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.