Kvebeka Universitetinin (UQAR) alimləri Titanik gəmisindən atıldığı ehtimal olunan şüşə butulkanın içindəki məktubu araşdırmağa başlayıblar.
Unikal.org xəbər verir ki, 13 yaşlı Matilda Lefevr tərəfindən yazılan məktubda tarix 1912-ci il 13 aprel kimi qeyd olunub. Alimlərin sözlərinə görə, gəmidə Matilda adlı qız da olub və sözügedən məktub gəmi batmadan bir gün öncə yazılıb:
"Bu şüşə butulkanı Atlantik okeanının ortasında atıram. Biz bir neçə gündən sonra Nyu-Yorka çatmalıyıq. Məktubu tapan olarsa, bu barədə Lefevrlər ailəsinə məlumat versin".
Qeyd edək ki, möhürlənmiş şüşə butulkanı Kanadanın Houpvell-Rox qayalığındakı çimərlikdə istirahət zamanı Şervux ailəsi qumun içindən tapıb.
Xatırladaq ki, Titanik gəmisi 1912-ci il aprelin 14-də Atlantik okeanında aysberqə çırpıldıqdan sonra batıb.