İspaniyanın Barselona şəhərindəki Azərbaycan Evində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, pandemiya məhdudiyyətləri çərçivəsində baş tutan tədbirdə Barselonada yaşayan azərbaycanlılar və ölkəmizin xarici dostları iştirak ediblər. Tədbirdə çıxış edənlər ümummilli liderin müasir Azərbacanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafı, beynəlxalq nüfuzunun gücləndirilməsi naminə həyata keçirdiyi misilsiz xidmətlərdən danışıblar. Tədbir iştirakçılarına həmçinin II Dünya müharibəsi dönəmində alman faşizminə qarşı qəhrəmanlıqla vuruşan mərd Azərbaycan övladları haqqında da ətraflı məlumat verilib. 

İsveçin paytaxtı Stokholm şəhərində də diaspor nümayəndələrinin iştirakı ilə dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.  

Azərbaycanın bu ölkədəki səfirliyində keçirilən tədbirdə "SAF", "Qarabağ", "Azərbaycan naminə", "SAMM TV" təşkilatlarının rəhbərləri və fəalları, Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.

Tədbirdə müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə və başqaları çıxış ediblər. Ümummilli liderin həyat və fəaliyyətinə diqqəti cəlb edən tədbir iştirakçıları bildiriblər ki, Heydər Əliyev ölkəmizdə vətəndaş müharibəsinin və dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısını alıb. 1993-cü ildə ulu öndər Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, hərbi, elmi, mədəni həyatında dönüş yaranmasına, beynəlxalq nüfuzunun artmasına nail olub. 

Tədbir ulu öndərin səfirlikdəki büstünün önünə gül dəstəsinin qoyulması ilə yekunlaşıb.