FIFA klublarında əmək haqqı ala bilməyən dörd azərbaycanlı futbolçuya dəstək olacaq.

Unikal.org xəbər verir ki, bu barədə ali futbol qurumunun Futbolçular Fondunun açıqladığı hesabatda bildirilir. Lakin həmin futbolçuların adları və alacaqları məbləğ göstərilməyib.

Maliyyə dəstəyi almaq üçün 2015-ci ilin iyulundan 2020-ci ilin iyununadək hüquqları pozulmuş futbolçular müraciət ediblər. Ümumilikdə 36 ölkədən 109 klubun 1 089 futbolçusundan ərizə verilib və 1 005-i təmin olunub. Azərbaycandan olan dörd müraciətin hamısı müsbət cavablandırılıb. FIFA ödənişlərə ümumilikdə 16 milyon ABŞ dolları ayırıb. Həmin məbləğ 2022-ci ilin sonunadək veriləcək.

Müraciət sayında ilk "3-lük"də Yunanıstan (291), Malayziya (147) və Türkiyə (117) qərarlaşıb. Ən çox ödəniş isə Yunanıstan (1,36 milyon dollar), Türkiyə (692 min dollar) və Rusiyaya (566 min dollar) veriləcək.

Qeyd edək ki, yardım alan futbolçuların klublarının ya ödəniş qabiliyyətləri olmayıb, ya da həmin klublar peşəkar səviyyədə çıxışlarını başa vurub.