“Biz meşələrdə, dağlarda cəsədləri axtarırdıq. Biz təxminən 1600 əsgərin cəsədini Ermənistana qaytardıq. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra demək olar 4000 Azərbaycan hərbçisi hələ də itkindir, onların əksəriyyəti qətlə yetirilib və onlar bizə heç bir cəsəd qaytarmayıb. Fərq budur”.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, müharibə dayanandan sonra bizdə 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb: “Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil”.