“Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ-ın hansı addımlar ata biləcəyinə gəlincə, düşünürəm ki, ABŞ çox iş görə bilər”.
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, o, ilk növbədə, dünyada aparıcı ölkədir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Yeri gəlmişkən, mən başa düşdüyüm və hiss etdiyim qədərilə indi ATƏT bir növ yeni fəaliyyət formatı axtarışındadır. Çünki bir qədər əvvəl dediyim kimi, münaqişə həll olunub. Ona görə də Minsk qrupu üçün yeni gündəlik olmalıdır və əlbəttə ki, üç ölkə, ilk növbədə, öz aralarında razılığa gəlməlidir.
Mən Minsk qrupu səfirləri ilə sonuncu dəfə görüşəndə və biz gələcək barədə müzakirələr aparanda dedim ki, onlardan təkliflər gözləyirəm. Çünki həll yolunu tapmaq üçün həmişə təklifləri verən, hər iki ölkəni yaxınlaşdırmağa çalışan onlar olub. Bu səbəbdən də bu gün başa düşdüyüm qədərilə Minsk qrupu müəyyən mənada yeni kimlik olmasa da, ən azı yeni fəaliyyət sahəsi axtarışındadır. ABŞ həmsədrlərdən biri kimi sözsüz ki, çox mühüm rol oynayır. Eyni zamanda, biz bilirik ki, ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Ona görə də düşünürəm ki, münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək”.