Müdafiə Nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.

Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.

Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.

Sonda müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

***

11:03

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq obyektlərin tikintisi davam etdirilir.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib.

Əvvəlcə Müdafiə nazirinə buradakı inzibati və texniki ərazilərdə mövcud tikililər və inkişaf planı haqqında məlumat verilib.

Bildirilib ki, quru ərzaq məhsullarının və əşya əmlakının saxlanılması üçün tələb olunan qurğu və sistemlərlə təchiz edilmiş bir neçə anbar istifadəyə verilib.

Bundan başqa Müdafiə nazirinə işğaldan azad edilmiş ərazilərimizdə ərzaq və əşya əmlakı anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daima yaxşılaşdırılması, eləcə də qışa hazırlıq işinin vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

***

10:03

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastrukturun yaradılması istiqamətində müvafiq fəaliyyətlər həyata keçirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində əsaslı təmir edilmiş hərbi hospitala baxış keçirib.

Əraziyə baxış zamanı müdafiə nazirinə məruzə edilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan hospitalda hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, hərbi hospitalda cərrahi-əməliyyat bloku, qəbul-diaqnostika, terapiya, cərrahiyyə, infeksion xəstəliklər, tibbi-təchizat, laboratoriya, anesteziologiya və intensiv terapiya bölmələri, həmçinin yeməkxana zalı, rentgen və stomotoloji kabinetlər mövcuddur.

Sonra nazir Laçın rayonu ərazisində yerləşən müasir avadanlıqlarla təchiz edilmiş hərbi tibb məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanıș olub.

Sonda müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.