Almaniya Baş naziri Angela Merkel İranla nüvə sazişinin yenilənməsi ilə bağlı danışıqlarda mürəkkəb vəziyyətin yarandığını bildirib.

Unikal.org  "RİA Novosti"yə istinadla xəbər verir ki,  Angela Merkel bunu bu gün İsrail Baş naziri Naftali Bennetlə birgə mətbuat konfransı zamanı bildirib.
Almaniya Baş naziri İranla Hərtərəfli Birgə Fəaliyyət Planını heç vaxt ideal saymadığını, lakin bunun Tehranın nüvə proqramı ilə bağlı hər hansı razılaşma olmamasından yaxşı olduğunu vurğulayıb:

“Bu gün biz çox mürəkkəb vəziyyətdəyik. Çünki ABŞ-ın yeni administrasiyası nüvə sazişinə qayıdacağını vəd edib, lakin günlər keçir, İrandan danışıqların yenilənməsi ilə bağlı hər hansı işarə yoxdur. Hər gün İran uranı daha çox zənginləşdirir. Bu, kritik vəziyyətdir və biz bunu 3+3 formatında (Almaniya, Fransa, Böyük Britaniya və Rusiya, ABŞ, Çin) müzakirə etməliyik ki, bu, nə deməkdir. Mən burada Rusiya və Çini cavabdeh görürəm".