Xəbər verdiyimiz kimi, ötən gün 19 yaşlı Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub. Qəza nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Suraxanı Rayon məhkəməsinin qərarı ilə, Mahmud Əzizov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun qardaşı isə qəza zamanı M.Əzizovun dərsə tələsdiyini bildirib.
Hüquqşünas Mehman Muradlı Unikal.org-a açıqlamasında hadisəni törədən şəxsi hansı cəzanı gözlədiyi məsələsinə aydınlıq gətirib:
"Həmin şəxsə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb. Bu da ağır cinayət hesab edilir. Həmin maddə ilə ittiham olunan şəxslər beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən - 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bəzi insanlar isə müdafiə hüququndan bu cür sui-istifadə edirlər. Ağır yük maşını ilə dərsə gecikirlər? Həmin şəxsin yuxulu olması isə məhkəmə prosesində yüngülləşdirici səbəb kimi nəzərə alına bilməz. Ümumiyyətlə, burada yüngülləşdirici hal yoxdur".
Murad İbrahimli