Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə təxribata cəhd göstərib. Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bundan əvvəl, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində də vəziyyəti gərginləşdirmək məqsədilə təxribata cəhd göstərib. Ermənistan tərəfinin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınıb.

Hərbi ekspert Ədalət Verdiyev bununla bağlı Unikal.org-a açıqlamasında bildirib ki, Zəfər Günü və ondan sonrakı bir həftə ərzində erməni təxribatları müxtəlif istiqamətlərdə intensiv xarakter daşıyır.

Ekspert bildirib ki, Şərqi Zəngəzurda yerləşən Azərbaycan sərhədləri istiqamətində ermənilərin atəşkəsi dəfələrlə pozması, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Qarabağa səfər etməsi, Zəfər Günündə Şuşa yaxınlığında erməni diversantların su xəttinin təmiri adı ilə görünməsi, əsgərimizə Daşaltı postundan qumbara atılması və 3 nəfərin yaralanması kimi hadisələr son 8 günə aiddir. 

"Görünür Ermənistan tərəfi müharibədən sonrakı dövrdən özü üçün bir nəticə çıxarmağa tələsmir. Davamlı olaraq məğlubiyyətə məruz qalan Ermənistan, Azərbaycanın qalib tərəf olduğunu həzm etməkdə çətinlik çəkir. Bizim 4 prioritetimiz var. Bunlar, sərhədlərin təyin olunması prosesi, erməni silahlılarının Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalamasıdır. Bu istiqamətdə Ermənistan tərəfinin fəaliyyəti yoxdur. Yəni, Ermənistan mümkün olan və olmayan bütün vasitələrdən istifadə etməklə məsələni uzatmağa çalışır. Lakin, bu proseslər çərçivəsində Ermənistan hər keçən gün nələrdənsə məhrum olur".

Ə.Verdiyevin sözlərinə görə, son günlər sosial şəbəkədə yayılan görüntülərdən də məlum olur ki, Ermənistan ordusu deyə bir anlayış yoxdur. O qeyd edib ki, görüntüdə bir erməni silahlısı Azərbaycan əsgərinə yalvarmaqla həyatını xilas etməyə çalışır. 

"Artıq onları texnika, maşın, silah, mövqe, mövqelərdə olan ərzaq, ehtiyat və yanacaq maraqlandırmır. Hər şeyi qoyub getməyə hazırdılar ki, təki həyatda qala bilsinlər. Bütün bunlar onu göstərir ki, Ermənistanın sərhədlərin təyin edilməsi prosesini ləngitməsinə baxmayaraq, Azərbaycan öz sərhədlərini birtərəfli qaydada olasa da təyin etməsi prosesinə davam edəcək".

Anar Kəlbiyev