Polşa sərhədçiləri Baltik dənizinin Qdansk körfəzində Rusiyanın “Ruslana” adlanan yük gəmisini saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Polşanın “Sea Portal” saytı məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburqdakı nəqliyyat şirkətinə məxsus gəmi "11 düyün sürətlə Sobyeşevski adasındakı çimərlik istiqamətində hərəkət edirmiş.
Hadisə şənbə günü yerli vaxtla saat 04:00 radələrində baş verib. Ekipaj sərhəd xidmətlərinin zənglərinə cavab verməyib. Beləliklə, xilasedicilər və sərhədçilər gəmiyə gediblər.
Çimərlikdən bir kilometr aralıda yük gəmisi 180 dərəcə dönüş edib və sahilə gəlməkdən yayınıb.
"Klaypedadan üzən Rusiya gəmisi son anda Qdanskın Sobyeşevski adasında sahilə yaxınlaşmaqdan yayınıb", - portalın məlumatında deyilir.
Yükdaşıyan kapitanın və iki zabitin sərxoş olduğu iddia edilir. “Marine Traffic” portalının məlumatına görə, gəmi hazırda Qdansk limanındadır.