Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Biləsuvar rayon sakini K.Quluzadəyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə K.Quluzadənin xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən olunub. O, Biləsuvar şəhəri ərazisində marketlərdən birinin qarşısında aşkarlanıb.
K.Quluzadə tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb. Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.