Ağacları qanunsuz kəsdiyinə görə şirkətə cinayət işi açılıb
"Unikal" xəbər verir ki, müxtəlif ərazilərdə ağacların qanunsuz kəsilməsi ilə bağlı vətəndaşların və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlamalar aparılıb.
Araşdırmalarla Ağdam, İsmayıllı, Xaçmaz, Şəmkir, Lənkəran və paytaxtın Xəzər rayonları ərazilərində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmaqla vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq hallarına yol verilməsi nəticəsində çoxlu sayda ağacların qanunsuz kəsilərək külli miqdarda ziyan vurulması müəyyən edilib.
Bundan başqa, “Korgöz TM” ASC tərəfindən Korgöz əhəngdaşı yatağında qanunsuz olaraq yerin təkindən istifadə edilməklə əhəngdaşı hasilatı aparılması, həmçinin torpaq üzərində istifadə hüququnun pozulması müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314.1-ci (səhlənkarlıq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə bir neçə cinayət işləri başlanaraq aidiyyəti üzrə müvafiq istintaq qurumlarına göndərilib.
Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.