Şamaxıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb.
Bu barədə "Unikal" a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik müfəttişləri yerli icra orqanlarının əməkdaşları ilə birgə Şamaxı rayonu ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində reyd keçirib.
Reyd zamanı baytarlıq ekspertizası (baytarlıq-sanitariya) aparılmadan heyvan kəsiminin və ət satışının həyata keçirildiyi müəyyən olunub.
Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb olunub, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib.