“İTV ilk yarananda cəmiyyətin ilkin gözləntilərini əks etdirdi. Məsuliyyətlə deyirəm ki, İsmayıl Ömərovun vaxtında daha uğurlu, funksional istiqamətdə televiziya öz işini görürdü”.

"Unikal" xəbər verir ki bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, İTV İ.Ömərovdan sonrakı dövrdə tamam bərbad vəziyyətə düşdü: 

“Əgər İTV və İctimai radio öz fəaliyyətini lazımi səviyyədə yerinə yetirmirsə, media sahəsində bu qədər gərginlik və ziddiyyətlər olmazdı. Parlamentdə müxtəlif fikirlər səsləndirilir. Parlamentin fəaliyyətinin cəmiyyətə çatdırılmasına ən laqeyd rol alan televiziya İTV-dir. Onlar millət vəkillərini ələ salmaqla, lağ-lağı və səviyyəsiz yanaşma ilə elə bilirlər ki, cəmiyyətdə reytinq qazanacaqlar”. 

Deputat qeyd edib ki, İTV büdcədən vəsait alır: “Büdcə vəsaiti əsasında fəaliyyət göstərirsə, dövlətin də, cəmiyyətin də işini yararlı olmalıdır. Necə olur ki, İctimai TV parlamentlə bağlı geniş müzakirəni verməyi özünə sığışdırmır?! Siz kimsiniz ki?! Buradan niyə ayrı-ayrı fikirləri geniş şəkildə təqdim etmirsiniz?! Hesab edirəm ki, İTV bu tənqiddən nəticə çıxarıb öz fəaliyyətində dönüş yaradacaq".

Anar Kəlbiyev