Gürcüstanda yanvarın 1-dən taksi sürücülərinə sükan arxasında, şəxsi avtomobil sürücülərinə isə salonda uşaqlar olduqda siqaret çəkmək qadağan edilib.
"Unikal" xəbər verir ki, qanunu pozan taksi sürücüləri 200 lari, şəxsi avtomobil sürücüləri isə 50 lari məbləğində cərimə olunacaqlar. İl ərzində təkrar pozuntular qeydə alındıqda cərimələr ikiqat artacaq. Belə hal bir neçə dəfə təkrarlanarsa, həmin şəxslər barəsində inzibati tədbirlər görüləcək.
Bundan başqa, siqaret və tütün məmulatları satan mağazalar üçün də yeni qaydalar qüvvəyə minib. Bu cür mağazalar orta məktəblərdən, ixtisasyönümlü peşə məktəblərindən və ali təhsil ocaqlarından 50 metr uzaqda fəaliyyət göstərməlidirlər. Əks halda onlar 500 lari cərimə olunacaqlar.