ABŞ, İsrail və Qətərin yüksək səviyyəli rəsmiləri Qəzzada çoxdan gözlənilən atəşkəs və girovların dəyişdirilməsi ilə bağlı Ağ Evdə bağlı qapılar arxasında danışıqlar aparıblar.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp son 48 saat ərzində İsrailin baş naziri Benyamin Netanyahu ilə iki dəfə görüşüb. Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoffun sözlərinə görə, tərəflər dörd əsas mübahisəli məsələdən üçünü həll edə biliblər.
Tramp və Netanyahu arasındakı görüşdən əvvəl Vitkoff yüksək səviyyəli Qətər rəsmisi və Netanyahunun baş müşaviri Ron Dermer ilə ayrı-ayrılıqda danışıqlar aparıb.
Mənbələrin sözlərinə görə, IDF-nin Qəzzada geri çəkilməsi müzakirə olunub. Doha və Vaşinqton İsrailə açıq şəkildə bildiriblər ki, IDF-nin minimal şəkildə çıxarılması ilə bağlı ilkin təklifi HƏMAS-ı qane etməyəcək və bütün prosesi poza bilər.
Dermer, Netanyahunun hakim koalisiya daxilində təzyiqlərlə üzləşdiyinə və təkbaşına belə qərarlar verə bilməyəcəyinə diqqət çəkib. Ancaq görüşdən sonra İsrail daha geniş işğaldan azad zonanı ehtiva edən yeni çəkilmə xəritəsini təqdim edib.
"Axios" bunun bir irəliləyiş olduğunu yazıb. Razılaşmaya 60 günlük atəşkəs müqabilində diri saxlanılan 10 girovun azad edilməsi və 18 ölünün qalıqlarının təhvil verilməsi daxildir.
HƏMAS da öz növbəsində İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasında və daimi atəşkəsə keçidin təmin edilməsində israr edərək, razılaşma üzərində işləməyə davam etdiyini bildirib.
Gülayə Mecid