"Keçən il çox böyük proqram icra edilməyə başlanmışdır".
"Unikal" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu işləri sadalamaq üçün çox vaxt lazımdır: "Amma əsas məsələləri mən bir daha qeyd etməliyəm, Azərbaycan vətəndaşları görsün ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın qeyd etdiyiniz kimi, özəlliyi ondadır ki, biz heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına bunu həyata keçiririk. Əlbəttə ki, burada da ardıcıllıq olmalı idi. Bu ardıcıllıq məntiqə əsaslanmalı idi. İlk növbədə, nə lazımdır? İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi. Bu proses gedir. Əfsuslar olsun ki, bu günə qədər biz insanları itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı - mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik. Ona görə mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xətləri, yollar. O sahələr təmizlənməli idi ki, artıq biz bu işlərə başlaya bilək. Digər tərəfdən baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə gedir. İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmalıydıq. Çünki azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünsüz olacaq. İndi təsəvvür edin, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb. Oktyabr ayından qar yağmaya başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliydik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik. O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir. Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması prosesinə start verildi və biz bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa etdik və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada, misal üçün, indi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik".
"Ondan sonra şəhərlərarası yollar. Bu prosesə start verildi və geniş vüsət almışdır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu, nə verəcək? Onu verəcək ki, biz Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gələ bilərik, artıq həm strateji nöqteyi-nəzərdən, həm də vətəndaşların ora qayıtması nöqteyi-nəzərindən bütün məsələləri həll edə bilərik. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik. Digər yollar, məsələn, Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol - magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını bəlkə də sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir.
Dəmir yolları. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlamışıq. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlamışıq.
Tarixi abidələrin bərpası. Şuşa şəhərində, görün, nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. Yəni, bunları sadalamaq üçün çox vaxt lazımdır, mən də çalışıram ki, hər bir layihəyə daim diqqət göstərim. Ona görə, 2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir.
Yenə də deyirəm, infrastruktur layihələri ilə bərabər, məsələn, Şuşada artıq yaşayış kompleksinin inşasına start verilib, təməli qoyulub, artıq praktiki inşaata başlayacağıq. Ağdamda, digər yerlərdə, kəndlərdə məktəb, xəstəxana. İndi Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Yəni genişmiqyaslı işdir, çox böyük işdir - həm texniki nöqteyi-nəzərdən, maliyyə tutumu baxımından və məsuliyyət baxımından. Çünki bu, çox məsuliyyətli işdir, biz burada səhv buraxmamalıyıq", - Prezident bildirib.