Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın növbəti iclası keçirildi. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müavini Fərid Nuriyev ictimaiyyətin maarifləndirilməsi və ictimai iştirakçılığın təmin edilməsi baxımından şuranın iclaslarının mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd etdi. Nəzərdə tutulan layihələrə toxunaraq sərnişindaşımalarda göstərilən xidmətin keyfiyyətinin artırılması üçün müasir təcrübəyə əsaslanan yeni fəaliyyət modeli üzərində iş aparıldığını diqqətə çatdırdı.
BNA-dan "Unikal"a verilən məlumata görə, iclasda Bakı Nəqliyyat Agentliyinin 2021-ci il üzrə fəaliyyətinin əsas göstəriciləri təqdim olundu və 2022-ci il üzrə Agentliyin əsas hədəfləri ilə bağlı Şura üzvlərinə məlumat verildi. Əsas göstəricilərlər bağlı ümumi müzakirlərəin davamı olaraq Bakıda yeni piyada zonalarının yaradılması layihəsinin təqdimatı oldu. Layihəyə əsasən şəhərin mərkəzi əhatə edən mövcud piyada zonasının genişləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə fəvvarələr meydanı ətrafındakı bəzi küçələrin tamamilə piyadaların istifadəsinə verilməsi təklif edilir. Piyada zonaların təşkili bir sıra cəhətdən xüsusən də şəhərin sosial-iqtisadi mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İnsanyönümlü müasir şəhərlərdə bu təcrübədən geniş istifadə olunmaqdadır.
Piyada zonalarının təşkil olunmasının şəhərin ekoloji baxımdan əhəmiyyətini qeyd edən Şura üzvü, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı vurğuladı ki, əsas diqqəti cəmiyyətin bu məsələdə maarifləndirilməsinə yönəltdi.
İctimai Şuranın sədr müavini, ATU-nun dosenti Fərhad Eyyubov isə şəhərdaxili mobillik planın hazırlanması qaydalarının təsdiqlənməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə bağlı fikirlərini bölüşdü.
“Avtosfer” saytının baş redaktoru Elməddin Muradlı isə şəhər yollarında nəqliyyat sıxlıq yaradan hallara toxundu. Bildirdi ki, bəzi hallarda ictimai-iaşə və ticarət obyektlərinin nizamsız logistikası da yollarda süni sıxlıqlara səbəb olur.
İctimai Şuranın sədri, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev piyada zonaları və ümumilikdə şəhər mobilliyi ilə bağlı layihələrin icrasında şura üzvlərinin fəal iştirak edəcəklərini dedi. İctimai Şura cəmiyyətin bu mövzularda maarifləndirilməsi üçün də zəruri olan addımları atacaq.
Həmçinin, şəhər mobilliyi ilə bağlı ictimaiyyətin maarifləndirilməsi sahəsində İctimai Şura ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Bu məsələdə birgə təbliğat və təşviqat işinin təşkilinin vacibliyini qeyd olunub.