Bakıda avtobusların birində maraqlı anlar yaşanıb.
"Unikal" xəbər verir ki, "BakuBus" sürücüsü sakitləşmək bilməyən uşağa görə avtobusu saxlayıb və körpəni sakitləşdirməyə nail olub. Həmin anlar avtobusdakı şəxslər tərəfində lentə alınıb.
Sosial mediada paylaşılan görüntülər hər kəsin diqqətini çəkib.
Sözügedən video ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. Bildirib ki, bu görüntülər 2 fevralda “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 13 nömrəli marşrut xətti üzrə avtobusda çəkilib:
"Avtobus dayanacaqda olan vaxt sürücü Oqtay Novruzov körpənin dayanmadan ağladığını görüb və valideynlərinin icazəsi ilə onu sakitləşdirmək üçün qucağına alıb. Yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın olduğunu nəzərə alaraq, sürücü qısa müddət ərzində körpəni sakitləşdirərək valideynlərinə verib. Körpəyə həssas yanaşması sürücünün 6 övladının olmasından irəli gəlir.
Müntəzəm marşrut xətti üzrə avtobus sürücüsünün təlimatına aid bir hal olmasına baxmayaraq, sürücünün xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiqdir. 6 ildir ki, "BakuBus" MMC-də sürücü kimi fəaliyyət göstərən Oqtay Novruzov işinə daim peşəkar yanaşması ilə fərqlənib. O, 2017-ci ildə epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək onun həyatını xilas edib. Xidmətdə fərqləndiyinə görə BNA rəhbərliyi tərəfindən mükafatlandırılıb".